Əziz həmvətənlər

Bildiyiniz kimi hazırda beynəlxalq aləm koronavirus (COVID-19) xəstəliyi ilə üz-üzə qalıbdır və bütün səylər virusla mübarizəyə səfərbər edilib. Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən koronavirus infeksiyası ilə bağlı vəziyyət qlobal pandemiya elan olunub. Ümumdünya Səhiyyə Təşkilatının tövsiyə və tələblərindən irəli gələrək digər dövlətlərlə yanaşı, Azərbaycan ərazisində bir sıra təxirəsalınmaz tədbirlərin həyata keçirilib. Vətəndaşların sağlamlığı və təhlükəsizliyi naminə dövlətlər tərəfindən bu istiqamətdə işlər davam etdirilməkdədir. O cümlədən, bir sıra dövlətlər virusla mübarizə sahəsində görülən tədbirlər çərçivəsində müvəqqəti olaraq sərhədlərin bağlanmasına qərar vermişdir.
COVID-19 pandemiyası səbəbindən hazırda Azərbaycan Respublikasında da xüsusi karantin rejimi tətbiq olunmaqdadır. Xüsusi karantin rejimi müddətində, həmçinin Azərbaycanda əhalinin sağlamlığı istiqamətində bir sıra tədbirlər görülməkdədir. Bu sırada ölkə daxilində şəhərlərarası gediş-gəlişə məhdudiyyətlə yanaşı, dövlət sərhəddinin bağlanmasına da qərar verilmiş, yerüstü və hava nəqliyyatı müvəqəti olaraq dayandırılmışdır.
Vətəndaşlarımızdan xüsusi karantin rejimi müddətində vətənə qayıtmaqla bağlı Azərbaycanın Rusiya Federsiyasındakı səfirliyi və konsulluqlarına daxil olan müraciətləri nəzərə alaraq www.evegedirem.info saytı yaradılmışdır. Saytın məqsədi Rusiyanın müxtəlif bölgələrində yaşayan həmvətənlərimizə onlayn qeydiyyata düşmək imkanı yaratmaqla onların səfirliyə müraciətlərini tezləşdirmək, vətənə qayıdış prosedurlarına köməklik göstərməkdir. Saytda qeydiyyatdan keçmiş hər bir şəxsin elektron növbə ardıcıllığı yaranacaq və həmin ardıcıllığa uyğun olaraq vətəndaşlarımızın Azərbaycana qayıtma tarixləri təyin ediləcəkdir.
Əziz həmvətənlər, bütün dünya və ölkəmiz üçün vacib olan hazırkı vəziyyətdə sizdən bir daha təmkin və səfərbərlik nümayiş etdirməyiniz, özünüz və ailəniz, yaxınlarınızın sağlamlığı naminə karantin rejimi qaydalarına əməl etməyiniz xahiş olunur.